Heydərbabaya salam [English translation]

Songs   2024-12-27 16:44:51

Heydərbabaya salam [English translation]

Heydərbaba, ildırımlar şaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, kəhliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Baxçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,

Novruz gülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, gün dalıvı dağlasın,

Üzün gülsün, bulaqların ağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə, ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

Heydərbaba, sənin üzün ağ olsun,

Dörd bir yanın bulaq olsun, bağ olsun,

Bizdən sonra sənin başın sağ olsun,

Dünya qəzöv-qədər, ölüm-itimdi,

Dünya boyu oğulsuzdu, yetimdi.

Heydərbaba, yolum sənnən gəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu,

Heç bilmədim gözəllərin nec oldu,

Bilməz idim döngələr var, dönüm var,

İtginlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, igid əmək itirməz,

Ömür keçər, əfsus bərə bitirməz,

Namərd olan .ömrü başa yetirməz,

Biz də vallah,unutmarıq sözləri,

Görəmməsək, halal edin bizləri.

Xəzan yeli yarpaqları tökəndə,

Bulud dağdan yenib kəndə çökəndə,

Şeyxül-İslam gözəl səsin çəkəndə,

Nisgilli söz ürəklərə dəyərdi,

Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunnan dolmasın,

Baxçaları saralmasın-solmasın,

Ordan keçən atlı susuz olmasın.

Deynə, bulaq xeyrin olsun, axarsan,

Üfüqlərə xumar-xumar baxarsan.

Heydərbaba, dağın, daşın, sərəsi

Kəklik oxur, dalısında fərəsi,

Quzuların ağı, bozu, qərəsi,

Bir gedəydim dağ-dərələr uzunu,

Oxuyaydım "Çoban, qaytar quzunu"

Heydərbaba, sulu yerin düzündə,

Bulaq qaynar çay-çəmənin gözündə,

Bulaqotu üzər suyun üzündə,

Gözəl quşlar ordan gəlib keçərlər,

Xəlvətləyib bulaqdan su içərlər.

Biçin üstü sünbül biçən oraqlar,

Elə bil ki, zülfü darar daraqlar,

Şikarçılar bildirçini soraqlar,

Biçinçilər ayranların içərlər,

Bir huşlanıb, sondan durub biçərlər.

Heydərbaba, kəndin günü batanda,

Uşaqların şamın yeyib yatanda,

Ay buluddan çıxıb qaş-göz atanda

Bizdən də bir sən onlara qissə de,

Qissəmizdə çoxlu qəmü qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə,

Qurd keçinin şəngülüsün yeyəndə

Mən qayıdıb bir də uşaq olaydım,

Bir gül açıb ondan sora solaydım.

Əmməcanın bal bələlsin yeyərdim,

Sondan durub üs donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda,

Bəy gəlinə damnan alma atanda,

Mənim də o qızlarında gözüm var,

Aşıqların sazlarında sözüm var.

Heydərbaba, bulaqların yarpızı,

Bostanların gülbəsəri, qarpızı,

Çərçilərin ağ nabatı, saqqızı

İndi də var damağımda, dad verər,

İtikin gedən günlərimdən yad verər.

Bayram idi gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də, evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub otaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Bakıçının sözü, sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi,

Qızlar deyər: "Atıl-matıl. çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə"

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanları soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə növruzgülü dərərdi.

Heydərbaba, Nənəqızın gözləri,

Rəxşəndənin şirin-şirin sözləri

Türkü dedim, oxusunlar özləri,

Bilsinlər ki, adam gedər, ad qalar,

Yaxşı-pisdən ağızda bir dad qalar.

Heydərbaba, dünya yalan dünyadı,

Süleymandan, Nuhdan qalan dünyadı,

Oğul doğan, dərdə salan dünyadı,

Hər kimsəyə hər nə verib alıbdı,

Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yaru yoldaş döndülər,

Bir-bir məni çöldə qoyub çöndülər,

Çeşmələrim, çıraqlarım söndülər,

Yaman yerdə gün döndü, axşam oldu,

Dünya mənə xərabəyi-Şam oldu.

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı,

Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar!

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,

Qaraquşlar səndən qopub qalxarkən,

O sıldırım daşlar ilə oynarkən,

Qovzan mənim himmətimi orda gör,

Ordan əyil, qamətimi darda gör.

Heydərbaba, sənin könlün şad olsun

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən tanış olsun, yad olsun,

Deynə mənim şair oğlum Şəhriyar,

Bir ömürdür qəm üstünə qəm qalar.

Heydərbaba, gəldim səni yoxlayam,

Bir də yatam, qucağında yuxlayam,

Ömrü qovam, bəlkə burda haxlıyam,

Uşaqlığa deyəm: bizə gəlsən bir,

Aydın günlər, ağlar üzə gülsən bir!

Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sora qalanlara eşq olsun,

Keçmişlərim gələnlərə məşq olsun,

Evladımız məzəhəbbin danmasın,

Hər içiboş sözlərə aldanmasın!

See more
Shahriar more
  • country:Iran
  • Languages:Persian, Azerbaijani
  • Genre:Poetry
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Mohammad-Hossein_Shahriar
Shahriar Lyrics more
Shahriar Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved